"Xocalının
səsi" qəzetinin ilk sayı 9 iyul 1991-ci ildə işıq üzü görüb. Həmin dövrdə erməni seperatçıları öz məkrli
siyasətlərini həyata keçirməyi planlaşdırırdılar. Ermənilər 1991-ci ilin dekabr ayında
ardıcıllıqla Cəmilli, Meşəli kəndlərini, Xankəndini şəhərini və Kərkicahan
qəsəbəsini işğal etdilər. Növbəti hədəf Xocalı və Xocalının digər kəndləri idi.
“Xocalının səsi” qəzeti Tərtər, Bərdə və digər rayonların mətbəələrində işıq
üzü gördükdən sonra mühasirə şəraitində olan Xocalıya çətinliklərlə aparılırdı.
Qəzet, xain qonşularımızın çirkin xislətini, real hadisələri olduğu kimi
oxucularına çatdırmağa çalışırdı. "Xocalının səsi" qəzeti Xocalı soyqırımının
nəticələri haqqında ilk dəfə yazılı olaraq informasiya verən mətbuat
orqanlarından biridir. "Xocalının
səsi" qəzeti hal-hazırda 8 səhifədən ibarət olmaqla
600 tirajda nəşr edilir. Qəzetdə yer alan yazılar sosial şəbəkə
hesablarında və xocalininsesi.info saytı vasitəsilə
geniş oxucu kütləsinə çatdırılır. Qəzetimizin səhifələrində Qarabağ
həqiqətlərinə, erməni vəhşiliklərinə, Xocalı soyqırımına aid yazılar dərc edilməklə
yanaşı, ümumrayon tədbirləri, Respublikamızda baş verən əlamətdar hadisələr işıqlandırılır, Cənab
Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət və 44 günlük haqq
savaşımızda əldə etdiyimiz Böyük Qələbə təbliğ edilir.
Bu gün Xocalı
rayonunun yeganə mətbuat orqanı olan “Xocalının səsi” qəzetini yaşatmaq
məsuliyyəti hər bir sakinimizin, ziyalılarımızın üzərinə düşür. Rayonumuzun
tarixini yazan, bizim üçün böyük mənəvi dəyər daşıyan “Xocalının səsi” hər
birimiz üçün əziz və doğmadır. Buna görə də Xocalının
ictimai-siyasi həyatına güzcü tutan qəzetimizə biganə olmamalıyıq. Onun
ləyaqətli yaşamağına dəstək göstərməliyik.
İnanıram ki, bu çağırış, bu təşəbbüs rayon
ziyalılarının ürəyincə olacaq, abunə kampaniyalarına yekdilliklə qoşulacaq və “Xocalının
səsi” qəzetinin uğurlu fəaliyyətinə öz töhfələrini verəcəklər.
Hörmətlə,Qalib Quliyev,“Xocalının səsi” qəzetinin redaktoru